Xəbərdarlıq, inzibati cərimə və inzibati həbs

Xəbərdarlıq, inzibati cərimə və inzibati həbs

Bu yazıda İnzibati Xətalar Məcəlləsində əks olunmuş inzibati tənbehin növləri arasından xəbərdarlıq, inzibati cərimə və inzibati həbsdən bəhs olunacaq.

Təəssüf ki, günümüzdə qəsdən və ya ehtiyatsızlıqdan inzibati xəta halları baş verir. Bu səbəbdən də, cəmiyyətin hər bir üzvünün inzibati tənbehin növləri haqqında ətraflı məlumata sahib olmasına zəruri ehtiyac var. Bu yazıda inzibati tənbehin yalnız 3 (üç) növü haqqında xüsusilə bilinməli olan müəyyən məlumatları qeyd etməyə çalışacayıq.

İnzibati tənbeh məsuliyyət tədbiridir.

İnzibati tənbehin məqsədi nədir?

  1. İnzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək;
  2. Həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq.

Haqqında danışılan inzibati tənbehin növləri əlavə inzibati tənbeh növü kimi tətbiq oluna bilərmi?

Qeyd olunan inzibati tənbeh növləri yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir.

Xəbərdarlıq inzibati tənbeh növü barədə (İnzibati Xətalar Məcələsinin 24-cü maddəsi)

Xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir.

Xəbərdarlıq hansı formada verilir?

Xəbərdarlıq yazılı formada edilir.

İkinci dəfə inzibati məsuliyyətə cəlb olunan şəxsə xəbərdarlıq verilə bilərmi?

Xəbərdarlıq İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir.

İnzibati cərimə barədə (İnzibati Xətalar Məcələsinin 25-ci maddəsi)

İnzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir.

Nikah müqaviləsi və onun bağlanması qaydası haqqında oxu

Fiziki şəxs maksimum nə qədər inzibati cərimə oluna bilər?

Manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan artıq ola bilməz.

Vəzifəli şəxs maksimum nə qədər inzibati cərimə oluna bilər?

Manatla hesablanan və vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan artıq ola bilməz.

Hüquqi şəxs maksimum nə qədər inzibati cərimə oluna bilər?

Manatla hesablanan və hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz.

İnzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin maksimum həddi nə qədər ola bilər?

İnzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz faizindən artıq ola bilməz.

Vergi məbləği ilə cərimənin maksimum həddi nə qədər ola bilər?

Vergilərin məbləği ilə ölçülən cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz.

İnzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı ilə ölçülən cərimənin maksimum həddi nə qədər ola bilər?

İnzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı ilə ölçülən cərimənin məbləği həmin ziyanın (əldə edilmiş gəlirin) on mislindən artıq ola bilməz.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir.

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir.

İnzibati həbs (İnzibati Xətalar Məcələsinin 30-cu maddəsi)

İnzibati həbs müstəsna hallarda tətbiq olunur və 3 (üç) aydan çox müddətə təyin oluna bilməz.

Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir.

Kimlər barəsində inzibati həbs tətbiq edilə bilməz?

  1. Hamilə qadınlar.
  2. Himayəsində on dörd yaşınadək uşağı olan qadınlar.
  3. On dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər.
  4. On səkkiz yaşına çatmayan şəxslər.
  5. Birinci və ya ikinci qrup əlillər.
  6. Sağlamlıq imkanları məhdud uşaqlar.
  7. Altmış yaşına çatmış qadınlar.
  8. Altmış beş yaşına çatmış kişilər.
  9. Hərbi qulluqçular.
  10. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz.

   İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.

Həmçinin, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir.

İnzibati Xətalar Məcəlləsinin 30.1 və 103.2-ci maddələrnin məzmunundan da belə başa düşmək olar ki, inzibati həbs nəzərdə tutan inzibati xəta üzrə işə ancaq məhkəmə tərəfindən baxıla bilər.

Qeyd: Qeyd olunanları, tətbiq etməzdən əvvəl peşəkar mütəxəssislərdən məsləhət almağınız məsləhət görülür.

İstinad: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi.

Bunu paylaş