Sürücülük hüququnun məhdudlaşdırılması müddəti

Azərbaycanda sürücülük hüququ aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:

1) Şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək sürücülük hüququ məhdudlaşdırılır.

2) Şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək sürücülük hüququ məhdudlaşdırılır. Bu o deməkdir ki, Azərbaycan Respublikasında şəxsin sürücülük hüququ 5 (beş) ildən çox olan müddətə məhdudlaşdırıla bilməz.

Məsələn, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsində təsbit olunmuş avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Xəbərdarlıq, inzibati cərimə və inzibati həbs haqqında oxu

3) Şəxsdə siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş “Nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısı”nda  nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə — xəstəlik müalicə olunanadək və ya fiziki qüsur aradan qaldırılanadək sürücülük hüququ məhdudlaşdırılır.

Azərbaycan Respublikası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müəyyən etdiyi siyahıda nəzərdə tutulmuş xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan, 

yaxud nəqliyyat vasitələrini idarə etmək sahəsində üç ildən az təcrübəsi olan, 

yaxud axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməyə,

habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmuş şəxslər avtobusları, tramvayları və trolleybusları idarə etməyə buraxılmırlar.

Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə əlaqədar sürücülük vəsiqəsinin alınması barədə

Sürücü tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə, inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi götürülür və həmin şəxslərə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənəd verilir. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edildikdə sürücülük vəsiqəsi qaytarılmır. 

Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir.

Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda, sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır:

1. nəqliyyat vasitəsini idarə etmək hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarə etmək vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün;

2. nəqliyyat vasitəsini idarə etmək hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün.

Qeyd: Qeyd olunanları, tətbiq etməzdən əvvəl peşəkar mütəxəssislərdən məsləhət almağınız məsləhət görülür.

İstinad: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu.

Bunu paylaş

Leave a Reply