Soyad sonluğunun dəyişdirilməsi – Sual-cavab.

Soyad sonluğunun dəyişdirilməsi – Sual-cavab.

Yazının içindəkilər:

  1. Ad nə işə yarayır?
  2. Soyadımın sonluğun dəyişdirə bilərəm?
  3. Soyadımızın sonluğunu dəyişdirmişik. 1 uşağımızın 8, digərinin isə 12 yaşı var. Onların soyad sonluğunu da dəyişdirə bilərikmi?
  4. Soyad sonluğu dəyişdikdə mənə nə verilməlidir?
  5. Soyad sonluğunu harada dəyişdirə bilərəm?
  6. Soyad sonluğumu neçə dəfə dəyişdirə bilərəm?
  7. Soyad sonluğuna neçə gün müddətində dəyişiklik edilməlidir?
  8. Soyad sonluğumun dəyişdirilməsindən imtina olunur. Nə etməliyəm?

Ad nə işə yarayır?

Hərkəsin (fiziki şəxsin) addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır və hərkəs (fiziki şəxs) hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir.

Soyadımın sonluğun dəyişdirə bilərəm?

Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir.

18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir.

Soyadımızın sonluğunu dəyişdirmişik. 1 uşağımızın 8, digərinin isə 12 yaşı var. Onların soyad sonluğunu da dəyişdirə bilərikmi?

Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir.

10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir.

Uşağın yaşayış yeri / Suallarınıza cavab tapın.

Soyad sonluğu dəyişdikdə mənə nə verilməlidir?

Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir.

Soyad sonluğunu harada dəyişdirə bilərəm?

Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir.

Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir.

Soyad sonluğumu neçə dəfə dəyişdirə bilərəm?

Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir.

Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

Soyad sonluğuna neçə gün müddətində dəyişiklik edilməlidir?

15 gün müddətində dəyişiklik edilir.

Soyad sonluğumun dəyişdirilməsindən imtina olunur. Nə etməliyəm?

Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Ailə Məcəlləsi“Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”

Qeyd: Yazı Azərbaycan Respublikasının 06.09.2019-cu il tarixinə qüvvədə olan yuxarıda göstərilən sənədlərə uyğun olaraq hazırlanmışdır.

Qeyd olunanları, tətbiq etməzdən əvvəl peşəkar mütəxəssislərdən məsləhət almağınız məsləhət görülür.

Bunu paylaş