Sınaq müddəti – Ətraflı

Sınaq müddəti – Ətraflı

Sınaq müddəti nə üçün müəyyən olunur?

Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər.

Bu o deməkdir ki, işəgötürən (şirkət, müəssisə, dövlət orqanı, idarə və s.) bu müddəti müəyyən etmədən də əmək müqaviləsi bağlaya bilər.

3 ay sınaq müddəti. Müddətin uzadılması və bitməsi.

Bu müddət 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Yəni, bu müddət 3 aydan aşağı olan istənilən müddətə müəyyən oluna bilər. Sadəcə müvafiq müddətin ağlabatan olmasını nəzərə almaq yetərlidir.

Bu müddət Əmək müqaviləsində qeyd olunmuş müddətin tamamında bitir.

Bu müddətin uzadılması ilə bağlı isə Əmək Məcəlləsində ayrıca qeydlər yoxdur. Nəzərə alsaq ki, bu müddət əmək müqaviləsində qeyd edilir və əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığı ilə dəyişikliklər etmək mümkündür, o zaman bu müddət ilə bağlı şərtlərdə (müddətin qısaldılması və uzadılması) də dəyişiklik edilməsinə maneə yoxdur.

Hansı dövrlər sınaq müddətinə daxildir və ya daxil deyil?

Bu müddət işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir.

İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər bu müddəti daxil edilmir.

Əmək müqaviləsində sınaq müddəti göstərilməyibsə, bu səhvdirmi?

Əmək Məcəlləsinin 51.3-cü maddəsinə görə bu müddət göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

Əgər müqavilədə bu müddət göstərilməyibsə, buna görə narahat olmağa dəyməz. Bu sadəcə işçinin bu müddət müəyyən olunmadan işə götürülməsi anlamına gəlir.

Sınaq müddəti ilə işlədikdə əmək müqaviləsinə istənilən vaxt xitam verilə bilərmi?

Bu müddət qurtaranadək tərəflərdən biri digərinə 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.

Bu müddət qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.

Əmək müqaviləsində bu müddət müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.

Bu müddətdə özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.

Həmçinin, Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə görə bu müddət ərzində işçi özünü doğrultmaması əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması üçün əsasdır.

Sınaq müddətində aşağı əməkhaqqı müəyyən edilə bilərmi?

Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik aktlarında belə bir hal öz əksini tapmamışdır.

İşçi ilə bu müddət müəyyən olunmaqla bağlanmış əmək müqaviləsində daxili ştat cədvəlinə uyğun olaraq işçinin işlədiyi vəzifə üçün almalı olduğu əmək haqqı öz əksini tapır. Ola bilər ki, sonrakı dövrdə ştat cədvəlində dəyişiklik edilərək, müvafiq vəzifə üzrə əmək haqqı artırıla bilər.

Universiteti bu il bitirmişəm. İşə qəbulum zamanı sınaq müddəti müəyyən oluna bilərmi?

Əmək Məcəlləsinin 52-ci maddəsinə görə təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə bu müddət müəyyən edilmir.

Bununla yanaşı, aşağıdakı şəxslərlə də əmək müqaviləsi bağlanılarkən bu müddət müəyyən edilmir.

  1. yaşı 18-dən az olan şəxslərlə;
  2. müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;
  3. hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;
  4. ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;
  5. iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;

Həmin maddə uyğun olaraq, Əmək Məcəlləsi tərəflərin razılığı ilə digər halların da müəyyən edilməsinə şərait yaradır.

Xəbərdarlıq, inzibati cərimə və inzibati həbs haqqında oxu

Dövlət qulluğunada sınaq müddəti.

Dövlət orqanının rəhbəri qulluğa qəbul olmuş şəxsi altı ay müddətinə stajçı kimi qulluğa qəbul edir və vakant dövlət qulluğu vəzifəsinə təyin edir.

Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir.

Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir.

Bu müddət ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu müddət ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır.

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

Qeyd: Yazı Azərbaycan Respublikasının 03.09.2019-cu il tarixinə qüvvədə olan Əmək Məcəlləsinə uyğun olaraq hazırlanmışdır.

Qeyd olunanları, tətbiq etməzdən əvvəl peşəkar mütəxəssislərdən məsləhət almağınız məsləhət görülür.

Bunu paylaş