Olduğu yer üzrə qeydiyyat-Miqrasiya

Olduğu yer üzrə qeydiyyat-Miqrasiya

Yazının içindəkilər:

  1. Azərbaycan Respublikasında müvəqqəti olma müddəti nə qədərdir?
  2. Əcənəbi olduğu yer üzrə qeydiyyata necə düşməlidir?
  3. Vizasız gələn əcnəbinin Azərbaycan Respublikasında qalma müddəti nə qədər göstərilə bilər?
  4. Viza ilə gələn əcnəbinin Azərbaycan Respublikasında qalma müddəti nə qədər göstərilə bilər?
  5. Bəs əcnəbilər olduğu yer üzrə qeydiyyata alınmaq üçün dövlət rüsumu ödəyirlərmi?
  6. Əcnəbi olduğu yerdən getdikdə nə edilməlidir?
  7. Qaldığı yeri dəyişən əcnəbi nə etməlidir?
  8. Əcnəbi olduğu yer üzrə başqa dövlət orqanında da qeydiyyata düşməlidirmi?

Azərbaycan Respublikasında müvəqqəti olma müddəti nə qədərdir?

Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Bu barədə belə şəxslərə ölkəyə daxil olan zaman dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir

Əcənəbi olduğu yer üzrə qeydiyyata necə düşməlidir?

Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini Dövlət Miqrasiya xidmətinin internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən Miqrasiya Xidmətinə təqdim etməlidir.

Eyni zamanda, qeydiyyat üçün qəbul edən tərəf fiziki şəxsdirsə, onun şəxsiyyət vəsiqəsinin skan variantı və orada olan məlumatlar, hüquqi şəxsdirsə hüquqin şəxsinin məlumatları sistemə əlavə edilir.

Qeydiyyat üçün buradakı linkdən (yazının üstündə klikləyin) istifadə edə bilərsiniz.

Linkə daxil olduqdan sonra fiziki şəxs kimi, hüquqi şəxs kimi qeydiyyatdan keçməklə və ya qeydiyyatsız müraciət etmək olar.

Əcnəbinin qeydiyyata alınması üçün son tarixi isə buradakı linkdən (yazının üstündə klikləyin) öyrənmək olar.

Linkə daxil olduqdan sonra müvafiq xanalardan ölkəyə daxil olma tarixini ay və günü seçməklə son qeydiyyat tarixini öyrənmək olar.

Ərizə daxil olduqdan sonra Dövlət Miqrasiya Xidməti dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir.

Bu barədə qeydiyyat zamanı əlavə olunmuş email ünvanına qeydiyyata alınma barədə yazılı bildiriş gəlir. Ona görə yaxşı olar ki, qeydiyyat zamanı aktiv email ünvanı qeyd edilsin.

Eyni zamanda, qəbul edən tərəf şəxs üçün açılmış elektron kabinetdə bildirişin aktiv olması qeyd edilir.

İntizam tənbehim var. Mənə mükafat düşürmü?

Vizasız gələn əcnəbinin Azərbaycan Respublikasında qalma müddəti nə qədər göstərilə bilər?

Viza tələb olunmayan qaydada gələnlər ümumilikdə 90 gün müddətinə ölkədə qala bilərlər.

Viza ilə gələn əcnəbinin Azərbaycan Respublikasında qalma müddəti nə qədər göstərilə bilər?

Viza əsasında gələnlər vizada göstərilən qalma müddətinə ölkədə qala bilərlər.

Bəs əcnəbilər olduğu yer üzrə qeydiyyata alınmaq üçün dövlət rüsumu ödəyirlərmi?

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

Əcnəbi olduğu yerdən getdikdə nə edilməlidir?

 Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə Dövlət Miqrasiya Xidmətinə məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar.

Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər.

Qaldığı yeri dəyişən əcnəbi nə etməlidir?

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində yuxarıda göstərilən qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. 

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur.

Əcnəbi olduğu yer üzrə başqa dövlət orqanında da qeydiyyata düşməlidirmi?

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı yalnız Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində aparılır.

Qeyd: 

Qeyd olunanları, tətbiq etməzdən əvvəl peşəkar mütəxəssislərdən məsləhət almağınız məsləhət görülür.

Bunu paylaş