Nikahın bağlanması qaydası-izahlı

Nikahın bağlanması qaydası-ətraflı

Günümüzdə ən çox cavab axtarılan suallardan biri də nikahın bağlanması qaydasıdır. Bu yazımızda nikahın bağlanması qaydalarına, şərtlərinə və s. məsələlərə aydınlıq gətirməyə çalışacayıq.

Nikah bağlamaq üçün hansı sənədlər tələb olunur?

  1. Nikaha daxil olmağı arzu edən şəxslərin yazılı ərizələri;
  2. Nikaha daxil olmağı arzu edən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;
  3. Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdə ailə vəziyyəti barədə qeyd olmadıqda, onların vətəndaşı olduğu və ya daimi yaşadığı ölkənin səlahiyyətli orqanlarından verilən və müvafiq qaydada leqallaşdırılmış ailə vəziyyəti haqqında arayış;
  4. Əvvəllər nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin (arvadının) ölüm şəhadətnaməsini (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı;
  5. Nikah yaşına çatmayan şəxsin (qızlar və oğlanlar üçün 18 yaş müəyyən olunmuşdur) nikah yaşının azaldılmasına icazə verilməsi barədə rayon (şəhər) İcra Hakimiyyətinin sərəncamı;
  6. 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarı;
  7. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış;
  8. Dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Yuxarıda qeyd olunan sənədlərə uyğun olaraq bir sıra məsələlərə aydınlıq gətirilməsinə ehtiyac var.

Əvvəlcə qeyd olunmalıdır ki, nikah Ədliyyə Nazirliyinin müvafiq yerli orqanları (nikaha girmək istəyən şəxslər həmin orqanları seçməkdə sərbəstdirlər) tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır.

Nikahın qeydiyyatının günü və saatı nikaha daxil olan şəxslərlə razılaşdırılaraq müəyyən edilir.

Əvvəlcədən müəyyən olunmuş vaxtda nikahı bağlamaq üçün gəlmədikdə nə baş verir?

Nikaha daxil olmağı arzu edən şəxslər müəyyən olunmuş vaxtda gəlmədikdə və gəlməməyin səbəbi üzürlü hesab edilmədikdə nikahın qeydə alınması haqqında ərizə ləğv edilir.

Nikaha daxil olmağı arzu edən şəxslər fikirlərini dəyişmədikdə yenidən ərizə verməlidirlər.

Nikahı toy mərasimində qeydə aldırmaq istəyirəm. Nə etməliyəm?

Nikahı toy mərasimində qeydə aldırmaq istəyən şəxslər ərizə verərkən, bu barədə ərizəni qəbul edən orqanı məlumatlandırmalıdırlar.

Nikah ərizə verilən gün bağlanıla bilərmi?

Üzürlü səbəblər olduqda, nikahın bağlanma müddəti nikahın bağlanmasını qeydə alan orqan tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər.

Müddəti azaltmaq və uzatmaq üçün əsas ola bilən üzrlü səbəblərə təcili olaraq uzunmüddətli ezamiyyətə getmə və ya daimi yaşamaq üçün başqa yerə köçmə, birgə uşaqların olması, nikaha daxil olmaq istəyən qadının hamilə olması, evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi, hərbi xidmətə çağırılma və digər hallar aid edilə bilər. Bu hallar müvafiq sənədlərlə (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) təsdiq edilməlidir.

Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.

Xüsusi hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması, bu Qaydanın 3.9-cu bəndində nəzərdə tutulmuş digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.

Nikah yaşı neçədir və azaldıla bilərmi?

Bu barədə artıq bir yazımız mövcuddur və nikah yaşı barədə oradan da ətraflı oxuya bilərsiniz.

Nikah yaşı və nikaha məcbur etmə – Haqqında oxu

Azərbaycan Respublikası ərazisində nikah yaşı 18 yaş müəyyən olunub. Lakin, üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Tibbi arayış vacibdirmi?

Tibbi arayış vacibdir. Əgər siz tibbi arayışı təqdim etməsəniz haqlı olaraq nikahın bağlanmasının qeyd alınmasından imtina olunacaqdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13.1-ci maddəsinə görə nikaha daxil olmaq istəyən şəxslər siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər.

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin siyahısına aşağıdakılar daxildir.

  1. hemoqlobinopatiyalar:
  2. böyük beta-talassemiya;
  3. aralıq beta-talassemiya;
  4. drepanotalassemiya;
  5. oraqvari hüceyrəli anemiya;
  6. İİV/QİÇS;
  7. sifilis.

Tibbi arayış sizə müraciət etdiyiniz tarixdən 2 həftə müddətində verilir və sizə verdildiyi gündən bir ay etibarlıdır.

Tibbi müayinə pulsuzdurmu?

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.

Kimlər arasında nikah bağlanıla bilməz?

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsinə görə aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

  1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
  2. övladlığa götürənlər və övladlığa götürülənlər;
  3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
  4. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər;
  5. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

Nikaha daxil olan şəxslər nikah zamanı şəxsən iştirak etməlidirlərmi?

Nikahın dövlət qeydiyyatı istisna edilməklə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında aparıla bilər.

Nikahın bağlanmasının qeydə alınması üçün dövlət rüsumu nə qədərdir?

Nikahın bağlanmasının qeydə alınması üçün dövlət rüsumu 5 (beş) manatdır.

Nikah mərasimi pulludurmu?

Nikahın təntənəli şəraitdə qeydiyyatı mərasimləri vətəndaşların vəsaiti hesabına aparılır.

Nikah bağlanılması qeydə alındıqdan sonra nə baş verir?

Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.

Nikahın bağlanılmasından imtina olunduqda nə etmək lazımdır?

Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

Əcnəbilər Azərbaycan Respublikasında nikaha daxil ola bilər.

Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin qanunvericiliyi ilə və Ailə Məcəlləsinin 12-ci maddəsindəki tələblərə əməl olunmaqla müəyyən edilir.

Vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında nikaha daxil ola bilər.

 Nikah bağlayan şəxsin vətəndaşlığı yoxdursa, nikahın bağlanması şərtləri onun daimi yaşadığı ölkənin qanunvericiliyi ilə müəyyən edilir.

Xarici ölkədə yaşayan Azərbaycan Respublikası vətəndaşları nikah bağlamaq üçün Azərbaycan gəlməlidir?

Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşları arasında nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluq idarələrində yuxarıda qeyd etdiyimiz və Ailə Məcəlləsində olan tələblərə uyğun olaraq bağlanır.

Azərbaycan Respublikası vətəndaşı ilə əcnəbi arasında xarici ölkədə bağlanmış nikah  Azərbaycan Respublikasında tanınırmı?

Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir.

 

Bu mövzu haqqında yuxarıdakıları yazmaqla kifayətlənirik. Gələcəkdə suallarınızdan asılı olaraq, başqa aspektlərdən də bu mövzu barədə bilgilərimizi paylaşmağa çalışacayıq.

Qeyd 1: Qeyd olunanları, tətbiq etməzdən əvvəl peşəkar mütəxəssislərdən məsləhət almağınız məsləhət görülür.

Qeyd 2: Bu yazıdan istifadə zamanı müvafiq linkə və ya sayta istinad mütləqdir.

Bunu paylaş