Nikah yaşı və nikaha məcbur etmə – Haqqında

Nikah yaşı və nikaha məcbur etmə – Haqqında

Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır.

Qanunla nəzərdə tutulmuş nikah yaşı

Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.

Nikah yaşı 18-dən aşağı salına bilərmi?

Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Uşaqlar zorla evləndirilə bilərmi?

Nəinki uşaqlar, heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah könüllü razılıq əsasında bağlanılır.

Uşağın zorla evləndirilməsinin məsuliyyəti varmı?

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qadını nikaha daxil olmağa məcbur etmə cinayət məsuliyyəti yaradır.

Belə ki, qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə – üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanunvericilikdə kişinin nikaha məcbur edilməsinin inzibati və cinayət məsuliyyəti yaratması barədə qeydlər yoxdur.

Kimlər uşaq sayılır?

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin məzmunundan görünür ki,  18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxs uşaq sayılır.

İstinad: Azərbaycan Respublikasının Ailə Məcəlləsi, Cinayət Məcəlləsi və “Uşaq hüquqları haqqında” Qanunu

Qeyd: Yazı Azərbaycan Respublikasının 03.09.2019-cu il tarixinə qüvvədə olan yuxarıda göstərilən sənədlərə uyğun olaraq hazırlanmışdır.

Qeyd olunanları, tətbiq etməzdən əvvəl peşəkar mütəxəssislərdən məsləhət almağınız məsləhət görülür.

Bunu paylaş