Nikah müqaviləsi və onun bağlanması qaydası

Nikah müqaviləsi və onun bağlanması qaydası

Əvvəlcə qeyd etmək lazımdır ki, bu müqavilə hazırda cəmiyyətimizdə, demək olar ki, tətbiq olunmayan müqavilələrdən biridir. Belə ki, bir çox hallarda insanlar bu müqavilə növünü bağlamağı bir-birinə təklif etməkdən çəkinirlər. Çəkinmənin əsas səbəbi kimi inamsızlıq yarana bilməsi düşüncəsini qeyd etmək olar. Lakin, bu müqavilə növü inamsızlığın göstəricisi hesab edilməməlidir. Belə ki, nikah müqaviləsinin mahiyyətindən görünür ki, onun əsas məqsədi ər-arvadın hüquqlarının qorunmasında vasitəçi olmaqdır. Bu məsələnin aktuallığını nəzərə alaraq, nikah müqaviləsi ilə bağlı bir sıra sualların cavablarını qeyd etməyə ehtiyac var.

Nikah müqaviləsi nədir?

Bu müqavilə nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir

Bu müqavilə nə edir?

Bu müqavilə ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.

Gələcək əmlaka dair münasibətləri tənzimləyirmi?

Bu müqavilə ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.

Nə vaxt bağlanılır?

Bu müqavilə nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər.

Əgər müqavilə nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmışdırsa həmin müqavilə üzrə hüquq və vəzifələr nə vaxt yaranır?

Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış bu müqavilə nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.

Borc və alimentin əməkhaqqına yönəldilməsi haqqında oxu

Müqavilədə hansı şərtlər əks oluna bilər?

Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər.

Bu müqavilə notarial qaydada təsdiq olunmalıdırmı?

Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur.

Bu müqaviləyə sonradan dəyişiklik və əlavələr etmək mümkündürmü?

Nikah müqaviləsi ər-arvadın razılığı ilə istənilən vaxt notarial qaydada dəyişdirilə və ya pozula bilər.

Tərəflərdən bir bu müqaviləyə könüllü dəyişiklik etmək istəməzsə, müqaviləyə dəyişiklik edilməsi mümkündürmü?

Ərin (arvadın) tələbinə əsasən məhkəmənin qətnaməsi ilə nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müqavilələrin dəyişdirilməsi və pozulması üçün nəzərdə tutulmuş əsaslarla və qaydada dəyişdirilə və ya pozula bilər.

Tərəflərdən hərhansı bir təkbaşına bu müqavilənin icrasından imtina edə bilərmi?

Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir.

Nikah pozularsa müqaviləyə avtomatik xitam verilirmi?

Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir.

Bu müqavilə etibarsız hesab edilə bilərmi?

Nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə əqdlərin etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş əsaslarla məhkəmə tərəfindən tamamilə və ya qismən etibarsız hesab edilə bilər.

Bu müqavilə tərəflərdən hər hansı birini çətin vəziyyətə salarsa onu mübahisələndirmək olarmı?

Müqavilənin şərtləri əri (arvadı) çox əlverişsiz vəziyyətə saldıqda nikah müqaviləsi onun tərəfindən mübahisələndirilə bilər.

Bu müqavilədə hansı şərtlər nəzərdə tutula bilməz?

Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin(arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz.

Eyni zamanda qeyd etmək lazımdır ki, bu cür şərtlərin əks olunduğu müqavilələr birmənalı olaraq əhəmiyyətsizdir və həmin müqavilə bağlandığı andan etibarsız hesab edilir.

Bu müqavilədə hansısa hüquqlar müəyyən dövr üçün məhdudlaşdırıla bilərmi?

Bu müqavilədə nəzərdə tutulmuş hüquq və vəzifələr müəyyən müddətlərlə məhdudlaşa bilər, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər.

Yuxarıda qeyd olunanlarla, müəyyən suallara aydınlıq gətirməyə çalışdıq. Mövzu ilə əlaqədar əlavə suallarınız olacağı təqdirdə cavablandırılması üçün saytımıza müraciət edə bilərsiniz.

Qeyd: Qeyd olunanları, tətbiq etməzdən əvvəl peşəkar mütəxəssislərdən məsləhət almağınız məsləhət görülür.

İstinad: Azərbaycan Respublikası Ailə Məcəlləsi.

Bunu paylaş