İnzibati xəta haqqında qərardan şikayət

İnzibati xəta haqqında qərardan şikayət vermək

Bir çox vətəndaşın dəqiq hakim olmadığı mövzulardan biri də onlar barəsində qəbul olunmuş inzibati xəta haqqında qərardan şikayət vermək müddəti və prosedurlarıdır. Bu yazımızda barənizdə qəbul olunmuş inzibati xəta haqqında qərardan şikayət verməyin qaydaları haqqında yazmağa çalışacayıq.

Əvvəlcə bilməyiniz vacibdir ki, inzibati xəta haqqında işlər üzrə icraata apellyasiya instansiyasında yekun vurulur. Yəni, apellyasiya məhkəməsinin qərarı yekundur və ondan növbəti instansiya məhkəməsinə şikayət vermək qanunla mümkün deyil.

Əgər sizin barənizdə inzibati xəta haqqında qərar qəbul olunmuşdursa, ondan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə uyğun olaraq, şikayət vermək hüququnuz var. Bunun üçün əsaslı olaraq maddədə göstərilən aşağıdakı şəxslərdən biri olmalısınız:

  1. Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş fiziki şəxs.
  2. Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi.
  3. Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş hüquqi şəxsin nümayəndəsi.
  4. Zərər çəkmiş şəxs.
  5. Müdafiəçi və nümayəndə.
  6. Həmçinin İnzibati Xətalar Məcəlləsinin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs.

Əgər siz yuxarıda göstərilən şəxslərdən birisinizsə və barənizdə inzibati xəta haqqında qərarı

  • hakim qəbul edibsə, onun qərarından müvafiq apellyasiya məhkəməsinə,
  • kollegial orqan qəbul edibsə, həmin orqanın olduğu yerin məhkəməsinə,
  • səlahiyyətli orqan (vəzifəli şəxs) qəbul edibsə, yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilərsiniz.

Axrıncı bəndlə bağlı qısa bir izah verək. Misal üçün yol polisi əməkdaşı sizin barənizdə protokol tərtib edib və bu protokolun haqsız tərtib olunduğu qənaətindəsiniz və tətbiq olunmuş cəriməni ödəmək istəmirsiniz. Bu zaman sizin şikayət vermək üçün iki ünvanınız var.

  1. Protokolu tərtib edən (və ya qərarı qəbul edən) polis əməkdaşının çalışdığı müəssisənin rəhbərliyi.
  2. Əgər fiziki şəxssinizsə, yaşadığınız yerin məhkəməsi.
  3. Əgər hüquqi şəxsdirsə, hüquqi şəxsin olduğu yerin məhkəməsi.

İndi yuxarıdakı məsələlərin ardıcıllıqla konkretləşdirilməsinə keçək.

Hakimin qərarından şikayət hansı məhkəməyə və hansı qaydada verilməlidir?

Hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilir.

Kollegial orqanın qərarından şikayət hansı məhkəməyə verilir?

Kollegial orqanın qərarından məhkəməyə verilən şikayət birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir.

Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət hansı məhkəməyə verilir?

Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir.

Hakimin qərarından verilən şikayət neçə gün müddətində apellyasiya məhkəməsinə göndərilməlidir?

Hakim şikayətin daxil olduğu gündən üç gün müddətində şikayəti iş üzrə bütün materiallarla birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərir.

Əgər qərar həbs tənbeh növünün tətbiqi barədədirsə, o zaman neçə gün müddətində göndərilir?

İnzibati həbs tənbeh növünün tətbiqi barədə qərardan şikayət apellyasiya instansiyası məhkəməsinə şikayətin daxil olduğu gün göndərilir.

Əgər şikayətə baxmaq hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətində deyilsə, şikayət geri qaytarılmalıdırmı?

Şikayətə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət üç gün müddətində aidiyyəti üzrə göndərilir.

Sınaq müddəti nə üçün müəyyən olunur?

Bəs inzibati xəta haqqında iş üzrə qərardan şikayət verdikdə rüsum tələb oluna bilərmi?

Xeyr, tələb oluna bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur.

Əsas məsələlərdən biri isə inzibati xəta haqqında qərardan hansı müddətdə şikayət verilməsidir.

İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.

Bununla bağlı qeyd etməliyik ki, məsələn poçt vasitəsilə gələn qərarı imza edib götürdüyünüz gün qərarı aldığınız gün hesab olunur və müddət həmin tarixdən hesablanmağa başlayır. İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsini oxuyaraq, orada göstərilənlərə daha dərindən hakim ola bilərsiniz.

Əgər inzibati xəta haqqında qərardan şikayət vermə müddətini üzrlü səbəbdən buraxaramsa, bir daha şikayət verə bilərəm?

Yuxarıda qeyd etdiyimiz müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir.

Bunu belə qeyd etmək olar ki, əgər siz şikayət verirsinizsə və sizə məlumdursa ki, şikayət vermək üçün müddəti ötürmüsünüz, o zaman şikayətinizlə bərabər müddətin üzrlü səbəbdən ötürülüməsi barədə əsaslandırılmış vəsatət yazıb, müddətin bərpa olunmasını xahiş edə bilərsiniz. Əsaslandırılmış sənədlər əlavə etməyiniz də sizin xeyrinizə olacaq bir məsələdir.

Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir.

Bəs şikayətə neçə gün ərzində baxılmalıdır?

İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə daxil olduğu gündən on gün müddətində baxılır.

Bəs inzibati həbs barədə qərardan şikayətə neçə gün ərzində baxılır?

İnzibati xəta törədən şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə, inzibati həbs barəsində verilmiş qərardan şikayətə həmin şikayətin verildiyi vaxtdan bir gün müddətində baxılır.

Bəs barəsində elektron qaydada protokol tərtib olunmuş şəxslərin şikayət verməsi proseduru necə tənzimlənir?

Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər.

Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) şikayəti şəxsən və ya poçt, yaxud internet vasitəsilə göndərə bilərsiniz.

Məhkəməyə isə şikayətinizi şəxsən və ya poçt, yaxud elektron məhkəmə sistemi tətbiq olunan məhkəmələrə müvafiq portal vasitəsilə verə bilərsiniz.

Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir.

İnzibati Xətalar Məcəlləsinimn 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

Bu yazımızda yuxarıdakıları qeyd etməklə kifayətlənməyi, sizi daha çox yükləməməyi doğru hesab etdik. Növbəti yazılarımızda şikayətə məhkəmədə baxılma qaydası, qərarların qəbul olunması və elan olunması qaydalar və digər məsələlərə toxunmağa çalışacayıq.

 

 

Qeyd: Qeyd olunanları, tətbiq etməzdən əvvəl peşəkar mütəxəssislərdən məsləhət almağınız məsləhət görülür.

İstinad: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi.

 

Bunu paylaş