Elektron ticarət qaydasında xaricdən mal sifarişi

Elektron ticarət qaydasında xaricdən mal sifarişi

Bu yazının əsası elektron ticarət qaydasında xaricdən mal sifariş fiziki şəxsdən vergi tutulması, gömrük nəzarəti üçün rüsum, poçt rüsumu alınması və digər məsələlədir. Bu yazıda bəzi məqamlara aydınlıq gətirmək üçün fikirlərimizi bölüşəcəyik.

Aliexpress-dən mal almaq istəyirəm, məndən vergi tutulmalıdırmı?

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 169.1-ci maddəsinə görə ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 169.3-cü maddəsinə görə həmin Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi agenti qeyri-rezidentə ödənməli olan məbləğə ƏDV hesablamalı və ödəməlidir.

Qeyd olunan maddələrlə əlaqədar aşağıdakıları qeyd edə bilərik.

Əgər siz vergi ödəyicisi olmayan (şirkət və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs deyilsinizsə) şəxsinizsə və Azərbaycan Respublikasında qeydiyyatda olmayan şirkətdən xidmət almaq istəyirsinizsə, bu zaman ƏDV məbləği (18%) sizdən tutulacaqdır. Məsələn, siz 100 dollar məbləğində mal alırsınızsa, sizin kartınızdan əlavə olaraq, 18% ƏDV olmaqla, cəmi 118 dollar pul vəsaiti tutulacaqdır.

Diqqət etməli olduğunu digər məqam isə kart hesabınızın xidməti satmaq istəyən şirkətin müəyyənləşdirdiyi valyutada (məsələn, dollarla) və ya manatla olması məsələsidir. Əgər kart hesabınız xidməti satmaq istəyən şirkətin müəyyənləşdirdiyi valyutadadırsa (məsələn, dollarla), bank tərəfindən sizdən əlavə komissiya haqqı tutulmayacaqdır. Yox, əgər kart hesabınız fərqli valyutadadırsa, sizdən əlavə bankın müəyyənləşdirdiyi qaydada komissiya haqqı tutula bilər.

Bu komissiyanın tutulmasının əsası isə bank tərəfindən aparılan konvertasiya əməliyyatıdıdır.

Yuxarıdakı maddələrin məzmunundan görünür ki, istisna olaraq, elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər isə ƏDV-yə cəlb olunmur.

Əgər diqqət etdinizsə, yuxarıda nümunə kimi xidmətin göstərilməsi halını qeyd etdik. Vergi Məcəlləsinin yuxarıda qeyd olunan müddəalarından belə başa düşmək olar ki, Azərbaycan Respublikasında qeydiyyatda olmayan şirkətdən (məsələn, aliexpress kimi) hər hansı bir mal alırsınızsa, bu zaman Vergi Məcəlləsinə görə sizdən ƏDV tutulmamalıdır. Çünki, Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikasında qeydiyyatda olmayan şirkət tərəfindən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ƏDV-yə cəlb olunur. Malların alınmasının isə bu məsələyə aidiyyəti yoxdur.

Lakin, bir amili də qeyd etmək lazımdır ki, malların alınması zamanı banklar tərəfindən konvertasiya üçün komissiyanın tutulması istisna edilmir.

Burada önəmli məsələlərdən birini də qeyd etməyi vacib hesab edirik. Belə ki, xaricdən hər hansı bir malın alınması zamanı banklar tərəfindən haqsız ƏDV-yə cəlb olunub-olunmadığınız bilmək üçün qeyd edəcəyimiz məsələlər barədə məlumatlı olmağınız vacibdir.

Birinci məsələ odur ki, Vergi Məcəlləsinin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir.

İkinci məsələ isə odur ki, Vergi Məcəlləsinin 164-cü maddəsində əks olunmuş  malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin növlərindən, habelə idxalın növlərindən ƏDV tutulmamalıdır.

Yazımızı ağıralaşdırmamaq üçün Vergi Məcəlləsinin 164-cü maddəsində sadalananları bura əlavə etmirik. Həmin maddə ilə Vergi Məcəlləsində tanış ola bilərsiniz.

Vergi Məcəlləsinin 164-cü maddəsində göstərilmiş hər hansı bir xidməti elektron ticarət qaydasında aldığınızda bankınız tərəfindən ƏDV tutulduqda, tutmanın səbəbinin araşdırılması və aradan qaldırılması üçün bankınıza müraciət etməyiniz məqsədəuyğun olar.

İntizam tənbehim var. Mənə mükafat düşürmü?

1000 ABŞ dolları ekvivalenti

Fiziki şəxs 30 (otuz) gün ərzində beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə nə qədər mal gətirə bilər?

“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydalarına uyğun olaraq, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.

Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallar gömrük ərazisinə gətirilə bilər.

Gömrük nəzarəti üçün rüsum

Elektron ticarətdə hər kəsi maraqlandıran məsələlərdən biri də alınan malların Azərbaycanda sahibinə təhvil verilən zaman poçt şöbələrində onlardan alınan ödənişlərdir.

Bununla bağlı qeyd etməliyik ki, ölkəyə daxil olan və ölkədən çıxan hər bir poçt göndərişi çəkisindən, dəyərindən və ona gömrük rüsumunun tətbiq olunub-olunmamasından asılı olmayaraq, gömrük nəzarətindən keçirilir.

Poçt rabitəsi xidmətləri üçün tariflər cədvəlinə uyğun olaraq, daxil olan beynəlxalq göndərişin gömrük nəzarətinə təqdim edilməsi üçün rüsumların məbləği aşağıdakı kimidir:

Daxil olan beynəlxalq göndərişin gömrük nəzarətinə təqdim edilməsi
-qiyməti bəyan olunmuş göndəriş, kiçik paket və M kisənin hər biri üçün 1,40
-bağlamanın hər biri üçün 2,00

Poçt rüsumları barədə

Sizə gəlmiş kiçik paketin və ya bağlamanın poçt şöbəsində və ya evinizdə alınması ilə bağlı aşağıdakı rüsumları ödəməlisiniz.

Göndərişin ünvan üzrə evdə çatdırılması
Qiyməti bəyan olunmuş göndərişin, kiçik paketin, ödəmə şərtli göndərişin, pul baratının evdə çatdırılması 1,00
Bağlamanın və M kisəsinin evdə çatdırılması 2,00
Çəkisi 500 qramdan artıq kiçik paketin PŞ-də verilməsi 0,60

Göndəriş poçt şöbəsinə daxil olduqda, şöbə əməkdaşı sizinlə təqdim etdiyiniz nömrə vasitəsilə əlaqə saxlayır və gəlib götürmək istədiyinizi, yoxsa evinizə çatdırılmasını istədiyinizi dəqiqləşdirir. Əgər poçt şöbəsindən götürmək istədiyinizi bildirirsinizsə, sizə məlumat verilən gündən etibarən göndəriş poçt şöbəsində 5 gün müddətində ödənişsiz saxlanılır. 5 gün ərzində yaxınlaşıb götürmədiyiniz halda isə, sizə müvafiq olaraq aşağıdakı haqlar hesablanmağa başlayır.

Göndərişin poçt  müəssisəsində saxlanması
Çəkisi 500 qramdan artıq sadə və sifarişli məktub və banderolun saxlanması (bildiriş yazıldığı gündən 5 gün sonra hər gün üçün) 0,10
Çəkisi 500 qramdan artıq qiymətli məktub, banderol və kiçik paketin saxlanması (bildiriş yazıldığı gündən 5 gün sonra hər gün üçün) 0,20
Bağlamanın və M kisəsinin saxlanması (bildiriş yazıldığı gündən 5 gün sonra hər gün üçün) 0,30

Poçt şöbəsində aparılmış istənilən ödənişə görə, müştəriyə mütləq qaydada üzərində məbləğ qeyd olunmuş və təqvim möhürü vurulmuş hesabat qəbzi (kompüterdə çap olunmuş çıxarış) təqdim olunmalıdır. Belə olan halda, poçt əməkdaşından ödəniş qəbzinin tələb edilməsi hər hansı qanunsuz ödənişin tutulmasının qarşısını almaq üçün ən etibarlı vasitədir.

Əlavə olaraq məlumat üçün qeyd edək ki, kiçik paketinin çəkisi maksimum 2 kq olur. Bağlamanının çəkisi 2 kq-dan çox olur.

Nəticədə, ümid edirik ki, sizə lazım ola biləcək ilkin məlumatları yazımızda tapa bildiniz. Elektron ticarətlə bağlı digər məlumatlara toxunmağı sonrakı yazılarımızda da planlaşdırırıq. Əgər sizə tam aydın olmayan hər hansı məlumatlar oldusa, saytımıza müraciət edə bilərsiniz.

Qeyd 1: Qeyd olunanları, tətbiq etməzdən əvvəl peşəkar mütəxəssislərdən məsləhət almağınız məsləhət görülür.

 

Qeyd 2: Bu yazıdan istifadə zamanı müvafiq linkə və ya sayta istinad mütləqdir.

 

 

Bunu paylaş